Qırğızıstan və Özbəkistan azad iqtisadi və sənaye zonaları istiqamətində əməkdaşlığı gücləndirir
Qırğız Respublikasının Prezidenti yanında İnvestisiyalar üzrə Milli Agentliyin rəhbəri Rəvşanbek Sabirov ilə Təşkent şəhərinin Sənaye zonalarını idarəetmə idarəsinin direktoru İkromcan Usmanov əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Sənəd azad iqtisadi və sənaye zonalarının yaradılması və idarə olunması sahəsində tərəfdaşlığı inkişaf etdirmək, təcrübə və ən yaxşı praktikaları mübadilə etmək, eləcə də investisiyaların cəlb edilməsi üzrə birgə iş aparmağa yönəldilib.
Tərəflər birgə investisiya layihələrinin həyata keçirilməsinə, sənaye kooperasiyasını inkişaf etdirməyə, investisiya imkanları və dövlət dəstəyi tədbirləri üzrə məlumat mübadiləsi aparmağa, eləcə də biznes-forumlar, işgüzar missiyalar və digər birgə tədbirləri təşkil etməyə və keçirməyə razılaşıblar.
Əməkdaşlığın çərçivəsində Qırğızıstan və Özbəkistanın azad iqtisadi zonalarının, sənaye müəssisələrinin və investorlarının arasında birbaşa əlaqələrin inkişafına xüsusi diqqət yetiriləcək.






